Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi dərman və tibb vasitələrinə nəzarət sahəsində əməkdaşlığı genişləndirir
2026-cı il iyunun 19-da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin rəhbərliyinin iştirakı ilə dərman vasitələri və tibbi vasitələrə nəzarət sahəsində institusional əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş görüş keçirilib.
Görüş zamanı qurumlar arasında məlumat mübadiləsinin operativliyinin artırılması məqsədilə elektron informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası və müvafiq struktur bölmələrinin bu sistemlərə çıxış imkanlarının təmin edilməsi məsələsi müzakirə olunub.
Tərəflər, həmçinin dərman və tibbi vasitələrin dövriyyəsi ilə bağlı mövcud və gələcəkdə yarana biləcək məsələlərin operativ həlli üçün mütəxəssislərdən ibarət birgə işçi qruplarının yaradılması barədə razılığa gəliblər. Bununla yanaşı, aidiyyəti sahələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim və seminarların keçirilməsi də planlaşdırılır.
Görüşdə dərman və tibbi vasitələr sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də iki qurumun fəaliyyət istiqamətlərinə uyğun qanunvericilik dəyişiklikləri üzrə əməkdaşlığın davam etdirilməsi də müzakirə olunub.
Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin də iştirak etdiyi görüşün yekununda tərəflər qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlığın genişləndirilməsi və fəaliyyətin daha səmərəli əlaqələndirilməsi istiqamətində birgə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.