AEM nümayəndə heyəti Türkiyədə dərman vasitələrinin təqib və izlənməsi sahəsində təcrübə mübadiləsi aparıb

AEM nümayəndə heyəti Türkiyədə dərman vasitələrinin təqib və izlənməsi sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) nümayəndə heyəti Türkiyənin Ankara şəhərində dərman vasitələrinin təqib və izlənməsi sahəsində fəaliyyət göstərən dövlət qurumları və əczaçılıq sektorunun nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Səfərin əsas məqsədi Türkiyənin dərman vasitələrinin təqib və izlənməsi sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsinin aparılması və Azərbaycanda fəaliyyət göstərən “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin inkişafı üzrə fikir mübadiləsinin həyata keçirilməsi olub.

Səfər çərçivəsində AEM nümayəndələri Türkiyə İlaç ve Tıbbi Cihaz Kurumu (TİTCK), Türkiyənin İlaç Takip Sistemi (İTS) üzrə texnoloji infrastrukturun və texniki həllərin hazırlanmasında iştirak edən “TC Health” şirkəti, eləcə də Türkiyənin aparıcı topdansatış əczaçılıq müəssisələrindən biri olan “Selçuk Ecza Deposu” ilə görüşüblər.

Görüşlər zamanı dərman vasitələrinin istehsalçıdan son istehlakçıya qədər hərəkətinin izlənilməsi, əczaçılıq təchizat zəncirində şəffaflığın təmin edilməsi, rəqəmsal məlumat mübadiləsi, informasiya sistemlərinin effektiv idarə olunması, məlumatların düzgünlüyü və tamlığının təmin edilməsi, həmçinin risklərin idarə olunması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Səfərin mühüm nəticələrindən biri AEM ilə Türkiyə İlaç ve Tıbbi Cihaz Kurumu (TİTCK) arasında əməkdaşlıq haqqında Memorandum layihəsinin hazırlanması olub. Layihənin qarşılıqlı razılaşdırıldıqdan sonra yaxın gələcəkdə imzalanması nəzərdə tutulur.

Memorandumun imzalanması ilə dərman vasitələrinin təqib və izlənməsi, əczaçılıq məhsullarının dövriyyəsinə nəzarət, rəqəmsal texnologiyaların tətbiqi, məlumat və təcrübə mübadiləsi, eləcə də tənzimləyici sahədə institusional əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanların yaradılması gözlənilir.